EL TELEVİZİYA ŞİRKƏTİ

LAYİHƏLƏR

admin

Balıqçı

Balıqçılıq bəşəriyyətin ən sevimli kütləvi məşğuliyyət növlərindən biridir. Həyatında heç olmasa, bir dəfə əlinə tilov alıb gölə gedən, təbiətlə ünsiyyət quran, onun saflığından zövq alan və ilk dəfə balıq tutan adam aldığı təəssüratı heç zaman unuda bilməz.  Balıq ovu ruhi və fiziki gücü möhkəmləndirmək üçün əla vasitədir. “Balıqçı” verilişi balıq ovlama mədəniyyətindən başlayaraq müxtəlif növlü balıqlar haqqında tamaşaçılara geniş bilgi verir. Balıq ovlamağın yaşı olmadığı üçün “Balıqçı” geniş tamaşaçı auditoriyasını hədəfə alıb.

Bələdçi

Hər bir xalqa məxsus olan və bu günə qədər gəlib çatan maddi mədəniyyət nümunələri onun tarixdə mövcud olmasını əsaslandıran vacib faktorlardan biridir. Bu tarixi isə gənc nəsillərə çatdırmaq hər bir kəsin vətəndaşlıq borcudur. “Bələdçi” verilişi də bu təqdirəlayiq missiyanı həyata keçirərək tariximizi, qədim yaşayış məskənlərini, abidələrimizi, zəngin maddi mirasımızı tamaşaçılara vizual olaraq təqdim edir.

Arandan Kəpəzə

“Arandan Kəpəzə” verilişi regionun sosial, iqtisadi, mədəni  durumunu işıqlandırır. Geniş tamaşaçı  kütləsini hədəfə alan verilişdə müxtəlif tipli mövzular önə çıxarılır.  Burada  kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, umumi sığorta işi, səhiyyə, təhsil, milli mənəvi dəyərlər, adət-ənənələrimiz və s. maraqlı məqamları əks etdirən  mövzular verilişə dəvət olunan ekspertlər və auditoriyada iştirak edən vətəndaşlarla birgə müzakirə olunur.

Gözəllik işığında

Zərif cinsin nümayəndələrinin həyat və yaradıcılığından  və qadın gözəlliyindən  bəhs edən veriliş əsasən xanım tamaşçılar üçün nəzərdə tutulub. Buraya sağlamlıq, kosmetoloji məsləhətlər, dizayn, gənc analara tövsiyələr, psixoloq məsləhətlər, dəb, adət-ənənələrimiz və s. maraqlı məqamları əks etdirən süjetlər, qonaqlar daxildir.

Nənəmin boğçası

Azyaşlılar üçün nəzərdə tutulan telelayihədir. Verilişdə əsasən uşaq psixologiyasına uyğun müxtəlif səpkili oyunlar keçirilir. Bununla yanaşı müasir zamanla səsləşən nağıllar nəql olunur və uşaqların dünyagörüşü formalaşdırılır. Eyni zamanda cizgi filmləri nümayiş olunur.

İşdən sonra

Yorğun iş günündən sonra dincəlmək istəyi hər kəsin haqqıdır. Amma kim, harada və necə dincəlir?  “İşdən sonra” verilişində məhz  müxtəlif  peşə sahiblərinin işdən sonra asudə vaxtlarını necə keçirməyini işıqlandırır.

Bu Bizik

“Bu Bizik”tok-şousunda ailədaxili və sosial problemlər, qadın – kişi münasibətləri, adət – ənənələr və ictimaiyyətin diqqətini cəlb edən digər məsələlər müzakirə olunur. Verilişdə mövzuya uyğun olaraq ekspertlər və qəhrəmanlar (yaxud şikayətçilər) iştirak edirlər.

Muğam məqam

Verilişdə  muğam dünyasının sirrləri və muğam dünyasının gözəlliyi  tamaşaçılarla bölüşülür. Azərbaycan Muğam dünyasından bəhs edən verilişdə xanəndələr iştirak edir. Burada muğam parçaları ifa olunmaqla yanaşı bu sənətin özünəməxsusluğu  müzakirə olunur.

Bizimkilər

Layihədə müxtəlif sahələrdə öz sözünü deyən şəxslərin həyat, sosial mühit və ailə haqqında fikirləri öyrənilir. Eyni zamanda müsahibin həyat təcrübəsi də tamaşaçılara çatdırılır.

Fatehlər

Telelayihədə dünya və Azərbaycan tarixində böyük iz qoyan tarixi şəxsiyyətlər, dövlət başçıları və hərb meydanında ad qazanan sərkərdələr  haqqında bəhs olunur.  Verilişdə hər dəfə bir fateh haqqında danışılır və  onun həyat yolunu əks etdirən süjetlər yayımlanır.

Əsgər

Vətən sərhəddən başlayır. Torpaqlarımızın 20 faizinin işğal altında olması yaşından, sosial məsuliyyətindən asılı olmayaraq hər bir kəsi düşündürür və düşündürməlidir. “Əsgər” verilişinin də əsas məqsədi gənclərdə milli-vətənpərvər ruhun aşılanmasına xidmət etməkdir. Eyni zamanda verilişdə Azərbaycanın hərb sənayesinin inkişafı, əsgər və zabitlərimizin yüksək hazırlıq səviyyəsi işıqlandırılır. “Əsgər” verilişində hərbi hissələrdən olan çəkilşlər, vətənimiz uğrunda canını fəda edən şəhidlər, Qarabağ qaziləri  və digər bu istiqamətdə olan mövzulardan bəhs edən sujetlər tamaşaçılara təqdim olunur. 

Elin adamı

“Elin adamı” layihəsi regionun tanınmış, ziyalı şəxslərinin fəaliyyətinı, yaradıcılığını və şəxsi  həyatını əhatə edir. Yayımlanan  hər  verilişdə bir qəhrəmandan bəhs olunur. Verilişin qəhrəmanı xüsusi ilə seçilir. Belə ki, həmin şəxs çalışdığı sahədən asılı olmayaraq işinin peşəkarı və cəmiyyətə örnək ola biləcək ailəyə sahib olmalıdır. Bir sözlə “Elin adamı” telelayihəsinin qəhrəmanı elin adamı adını daşımalıdır.

Həyatın sirri

“Həyatın sirri” verlişi insan psixologiyasına, optimist ruhun formalaşmasına həsr olunur. Verilişdə insanın depressiyadan necə xilas olması, ruhun azadığı, xoşbəxtlik, maddi gəlirlərin artırılmasının yolları və s  aşılanır.

El bizim, sirr bizim

Layihədə Azərbaycanın tarixi məkanları və memarlıq abidələri haqqında tamaşaçılara geniş məlumat verilir.

Xəzinə

“Xəzinə “ verilişinin əsas məqsədi  sözlə muğamın vəhdətini tamaşaçılara çatdırmaq, bu qədim sənətin ecazkarlığını insanlara nümayiş etdirməkdir. Eyni zamanda  yeni nəslin musiqi zövqünü formalaşdırmaq və əsl sözün dəyərini gənc nəslə aşılamaqdır.

Qış tədarükü

Əsrlərin sınağından çıxmış bir  atalar sözünə görə qışın azuqəsini yazda – yayda toplayarlar. Bu baxımdan verilişdə evdar xanımlara qış azuqəsinin toplanması və hazırlanması haqqında məsləhətlər veriləcək. Eyni zamanda evdar xanımlar qış azuqəsini hazrlamaqla qış aylarında qənaət etməli olurlar. Necə deyərlər, qənaət sərvətin yarısıdır.

Eldən elə

Verilişdə Azərbaycanın gəzməli və görməli məkanları ilə yanaşı həmin bölgədə yaşayan istedadlı şəxslərin fəaliyyəti də işıqlandırılır.

Regionlayn

Regionun inkişafı ölkənin tərəqqisi deməkdir. Bölgələrin inkişaf dinamikası, həyata keçirilən layihələr, mövcud problemlər və perespektiv planlar daim diqqətdə saxlanılır. “Regionline” verilişi Azərbaycanın ictimai – sosial və siyası  həyatını gündəmə gətirir. Verilişdə müzakirə olunan  mövzuya uyğun olaraq ekspertlər və auditoriya toplanır. Verilişin əsas məqsədi tamaşaçıları ölkəmizin regionlarında cərəyan edən  proseslərlə yaxından tanış etməkdir. Müzakirəyə qoyulan mövzular vətəndaşalar arasında keçirilən sorğu, müəllif sujeti və ekspertlərin fikirləri ilə araşdırılır.

Özümüz

“Özümüz” yumor janrında hazırlnan verilişdir. Layihədə müxtəlif mövzular yumor ruhu ilə hazırlanır. Eyni zamanda xalq arasında yayılan bəzi lətifə və olaylar səhnələşdirilərək diqqətə çatdırılır.

Elin gözü

Veriliş əsasən satirik üslubda hazırlanır. Belə ki, müəyyən sosial problemlər səhnələşdirilərək tamaşaçılıara bir qədər təndiqi şəkildə təqdim olunur.

Dinlə məni

Musiqili-əyləncəli veriliş olan “Dinlə məni”  əsasən gənc musiqiçilərin yaradcılığı haqqındadır. Verilişdə iştirak edən müğənnilər bu sahədə atdıqları yeni  addımlardan danışırlar.

Buta məclisi

“Buta məclisi” verilində  mənəvi irsimiz, xalq musiqisi, şifahi söz sənəti və aşıq yaradıcılığı tamaşaçılara təqdim olunur.

Ağ Qara

Əsas məqsədi yeni nəslin inkişafında gənclərin rolu, ictimai-sosial və mədəni həyatında aktivlik dərəcəsi, istedadlı, savadlı gənclərin aşkar edilməsi və onları maraqlandıran problemləri müzakirə edib aydınlatmaqdır. Yaşlı nəsillə gənclərin arasında olan mental subordinasiyanın, qarşıdurmanın, təzadların müzakirəsi, fəsad törədə biləcək fikir ayrılıqlarının aradan qaldırılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili yolunda diskussiyalar aparıb ortaq məxrəcə gəlməkdir məqsədimiz. Eyni zamanda informasiya dövründə arxaikləşən adət-ənənələrimizin bu günün gəncinə təsir etdiyi məqamları həm ekspertlərin, həm də auditoriyanın iştirakı ilə polemika şəraitində düzgün yolu tapmağa çalışan “Ağ/qara”, insan resurslarının artırılmasında Azərbaycan respublikasında gənclərlə bağlı innovativ addımların atılmasına və görülmüş işlərin nəticələrinə regiondan olan münasibəti analız olunur.

Başımıza gələnlər

“Başımıza gələnlər” yumoristik  proqramda insanın forsmajor şəraitdə başına gələn  anlar və hadisələr göstərilir.