“Yevlax TV MMC” 2 mart 2009-cu ildə yaradılmış, həmin ilin 17 iyul tarixində ELTV adı və loqotipi ilə yayıma başlamışdır. 10 may 2014-cü il tarixində bir neçə regional televiziyanın təşəbbüsü ilə “RegionTV”-nin təsisçilərindən biri olmuş, və şəbəkənin bir kanalına çevrilərək vahid proqram səbətinin tərkibində yerli yayımla fəaliyyətini davam etdirmişdir. 19 sentyabr 2016-cı ildən ümumrespublika yayımı lisenziyası ilə yeni yaradılan ARB TV-nin şəbəkəsinə qoşulmuş, ARB Media Qrupa “ARB Aran” televiziya kanalı kimi daxil olmuşdur. 2016-cı ildə ELTV-nin nəzdində yaradılan “Aranfilm Yaradıcılıq Mərkəzi” 4 il ərzində Bakıda fəaliyyət göstərmiş və bu redaksiyada 100-dən çox audiovizual məhsul istehsal edilmişdir. ADMİU-nun tələbələrinin diplom və kurs işlərinin hazırlanması üçün maddi-texniki bazasını bölüşən və prodüser mərkəzləri ilə əməkdaşlıq edən Aranfilm, sənədli televiziya filmləri, elmi-kütləvi filmlər, idmançılar və tarixi şəxsiyyətlər haqqında tədqiqat filmləri, eləcə də bir neçə qısametrajlı filmlərin istehsalı ilə yanaşı, digər media qurumları ilə əməkdaşlıq etmişdir, QHT layihələri icra etmiş yerli və beynəlxalq festivallara da audiovizual nümunələr göndərmiş və ödüllər qazanmışdır. Televiziyanın yayım strategiyası dəyişdiyinə görə Aranfilm Yaradıcılıq Mərkəzi 2020-ci ildə ləğv edilmişdir. 2020-ci ildən şəbəkədən ayrılaraq yenidən ELTV kimi yayıma davam etmişdir. Sutkada 24 saat olmaqla Mərkəzi Aran İqtisadi Rayonunun bir hissəsinə, eləcə də Gəncə şəhərinə, Şəmkir, Göygöl və Goranboy rayonlarına rəqəmsal yerüstü yayım həyata keçirir. 2024-cü ilin aprel ayından maarifləndirici proqramların üstünlük təşkil etdiyi tematik proqram səbəti ilə yayımlanmağa başlayan ELTV, tamaşaçılar üçün daha fərqli kontentlər təqdim edir.
ELTV bir çox televiziya və prodüser mərkəzləri ilə əməkdaşlıq edir. Gəncənin Kəpəz televiziyası, Şəkinin Kanal S televiziyası və Qubada fəaliyyət göstərən Qafqaz TV ilə geniş formatda partyorluğu sayəsində bir neçə televiziya layihəsi müştərək hazırlanır və kontent mübadiləsi aparılır. Bütün bunlarla paralel ELTV ölkəmizdə və Azərbaycan hüdudlarından kənarda keçirilən mühüm tədbirlərdə öz audiovizual məhsullarını - sənədli filmləri, videoçarxları təqdim edir. Qarabağdakı quruculuq işlərini, böyük qayıdışı daim təşviq edən ELTV öz eksklüziv materiallarını əməkdaşlıq elədiyi kanallarla bölüşərək geniş auditoriyaya təqdim edir. ELTV YouTube platformasında, milli telekanalların canlı və arxivli yayım platforması – yoda.az saytında, Gəncə və Mingəçevir şəhərində fəaliyyət göstərən kabel televiziyası operatoru Katv1-də və eltv.az saytı vasitəsi ilə də yayımlanır.
Fəaliyyət göstərdiyi 16 il ərzində zamanın tələblərinə uyğun olaraq tranformasiya etmiş ELTV, ənənəvi televiziyadan konkret hədəf kütləsi olan daha yığcam bir telekanala çevrilmişdir. Maarifləndirici və retroqrad proqram səbətində yer alan audiovizual kontentlərin əksəriyyətini Azərbaycanda istehsal olunan sənədli televiziya filmləri, dublyaj olunmuş elmi-kütləvi, flora və fauna haqqında filmlər nümayiş olunmaqla yanaşı, illər ərzində telekanalın videotekasında toplanmış müxtəlif səpkili musiqi nömrələri, konsertlər, yubiley tədbirlərinin videoyazısı və s. nadir nümunələr də ELTV-nin efirində yayımlanır.